news
Mərkəzi Seçki Komissiyasının kollektivi Hüseyn Cavidin ev-muzeyini ziyarət ediblər

 

...Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin 2014-cü il 19 dekabr tarixli "Muzeylərlə əlaqələrin daha da gücləndirilməsi haqqında” Sərəncamına uyğun olaraq Naxçıvan Muxtar Respublikası Mərkəzi Seçki Komissiyasının muzeylərə kollektiv gedişi davam etdirilir.Avqustun 27-də Naxçıvan Muxtar Respublikası Mərkəzi Seçki Komissiyasının əməkdaşları Hüseyn Cavidin ev-muzeyi və xatirə kompleksini ziyarət ediblər.

...Muzeyin bələdçisi məlumat verərək  bildirib ki,  Azərbaycanın görkəmli  filosof-şairi və dramaturqu Hüseyn Cavidin  ev muzeyi  onun  anadan olmasının  100 illiyi münasibətilə  ümummilli lider Heydər Əliyevin imzaladığı  1981-ci il  21 iyul tarixli  qərara əsasən  yaradılmışdır.

...Muzeyin fondunda 9 mindən yuxarı eksponat qorunub saxlanılır ki, hazır­da bu eksponatların 500-ə yaxını ekspozisiyada nümayiş etdirilir. Muzeydə ədibin həyat və fəaliyyətini əks etdirən fotoşəkillər, əsərlərinin ilk nəşrləri, üzərində şairin avtoqrafı olan əsərlər, tamaşaya qoyulmuş dram əsərlərinin afişa və proqramları, müxtəlif xatirə və ev əşyaları, şairin oğlu Ərtoğrol Cavidin və qızı Turan xanımın əsərləri, Hüseyn Cavid haqqında müxtəlif dövrlərdə nəşr olunmuş kitablar görkəmli ədibin həyat və yaradıcılığı barədə dolğun təəssürat yaradır.

...“Matəm otağı” adlanan otaqda Hüseyn Cavidin Sibirdə olan məzarının axtarılıb tapılmasını əks etdirən fotolar və divardakı taxçada şairin Sibirdəki qəbrindən götürülmüş torpaq nümayiş olunur. Bildirilib ki, otağın çıxışında sərgilənən və 1936-cı ildə çəkilmiş ailəvi  fotoşəkil Cavidlər ailəsinin axırıncı xatirə şəklidir.

...Muzeyi ziyarət zamanı kollektivə bildirilib ki, böyük ədibin xatirəsinin əbədiləşdirilməsində, onun  zəngin irsinin  qorunub saxlanılmasında ümummilli lider Heydər  Əliyevin əvəzsiz rolu, misilsiz xidmətləri olub. Represiya qurbanı olan şairin nəşinin 1982-ci ilin noyabr ayında uzaq Sibirdən doğma yurduna - Naxçıvana gətirilməsi ulu öndər Heydər Əliyevin Hüseyn Cavid  yaradıcılığına, o cümlədən, Azərbaycan ədəbiyyatına göstərdiyi diqqətin, təəssübkeşliyin  növbəti göstəricisi və nümunəsidir. 1996-cı ildə Naxçıvan şəhərində görkəmli dramaturqun məzarı  üzərində əzəmətli məqbərə  ucaldılıb.

news
Mərkəzi Seçki Komissiyasının əməkdaşları Bəhruz Kəngərli Muzeyini ziyarət ediblər

....Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin 2014-cü il 19 dekabr tarixli "Muzeylərlə əlaqələrin daha da gücləndirilməsi haqqında” Sərəncamına uyğun olaraq Naxçıvan Muxtar Respublikası Mərkəzi Seçki Komissiyasının əməkdaşları mütəmadi olaraq muxtar respublikamızda fəaliyyət göstərən muzeyləri ziyarət edir, mədəniyyət müəsisələrində mühafizə olunan eksponatlarla yaxından tanış olurlar. “Muzey günləri” çərçivəsində keçirilən tədbirlərin davamı olaraq  Naxçıvan Muxtar Respublikası Mərkəzi Seçki Komissiyasının  kollektivi növbəti dəfə may ayının 21-də Bəhruz Kəngərli Muzeyini ziyarət ediblər.

....Muzey bələdçisi muzey haqqında kollektivə məlumat verərək bildirib ki, Bəhruz Kəngərli Muzeyi Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin 22 may 2001-ci il tarixli Sərəncamı ilə yaradılmışdır. Ümummilli lider Heydər Əliyev 2002-ci il iyunun 18-də muzeyin açılış mərasimində iştirak etmiş və Bəhruz Kəngərlinin yaradıcılığını yüksək qiymətləndirərək demişdir: “Bəhruz Kəngərlinin əsərləri Azərbaycan rəssamlıq sənətinin, mədəniyyətinin ən görkəmli nümunələrindəndir. Biz bununla fəxr etməliyik. Fəxr etməliyik ki, Azərbaycan xalqının belə böyük istedada malik insanları olubdur”.

....Qeyd olunmuşdur ki, Ümummilli lider Heydər Əliyev 1938-1939-cu illərdə burada yerləşən Pedaqoji Texnikumda təhsil almış, texnikumu əla qiymətlərlə bitirmişdir. Ulu öndərin xatirəsini əbədiləşdirmək üçün binaya xatirə lövhəsi vurulmuş və burada onun xatirə otağı yaradılmışdır.

....Bildirilib ki,  muzey tarixi binada yerləşir. Ötən əsrin əvvəllərində inşa edilən bina ilk vaxtlar Qızlar Məktəbi, sonrakı dövrlərdə isə Pedaqoji Texnikum və Tibb Məktəbi kimi fəaliyyət göstərib. Muzeyin fondunda, ümumilikdə, 1300-ə yaxın eksponat var. Bunlardan 388-i muzeyin ekspozisiyasında sərgilənir. Binanın birinci mərtəbəsində yerləşən 4 ekspozisiya zalında 181, ikinci mərtəbəsində yerləşən 5 ekspozisiya zalında isə 206 eksponat nümayiş olunur. Bunlardan 61-i orijinal rəsm əsəridir.           

....Xatırladaq ki, teatr rəssamlığı, qrafika və digər janrlara müraciət edən, portret janrında dəyərli əsərlər yaradan Bəhruz Kəngərli bütün ömrü boyu mədəniyyətimizin inkişafı naminə yorulmadan çalışıb. Görkəmli rəssam doğma Vətəninin gözəlliklərini tərənnüm edib. Onun kömür, karandaş, akvarel və yağlı boya ilə müxtəlif janrlarda yaratdığı 500-ə yaxın əsəri indi də incəsənət muzeylərinin dəyərli eksponatları sırasındadır. O, dövrünün görkəmli şəxslərinin rəsmlərini çəkib, portret janrında dəyərli əsərlər yaradıb.

news
Mərkəzi Seçki Komissiyasında informasiya təhlükəsizliyi ilə bağlı seminar keçirilib.

....Mayın 11-də Naxçıvan Muxtar Respublikası Mərkəzi Seçki Komissiyasının akt zalında  Mərkəzi Seçki Komissiyasının və muxtar respublikada fəaliyyət göstərən dairə seçki komissiyalarının əməkdaşları üçün “Naxçıvan Muxtar Respublikasının dövlət qurumlarında informasiya təhlükəsizliyi” mövzusunda seminar keçirilib.

....Seminarı giriş sözü ilə açan Naxçıvan Muxtar Respublikası Mərkəzi Seçki Komissiyasının sədri Əjdər Əliyev bildirdi ki, Naxçıvan Muxtar Respublikası Nazirlər Kabinetinin 2022-ci il 6 aprel tarixli 93 nömrəli Qərarı ilə təsdiq edilmiş “Naxçıvan Muxtar Respublikasının dövlət qurumlarında informasiya təhlükəsizliyinin təminatı üzrə Nümunəvi Təlimat”da dövlət qurumlarında informasiya təhlükəsizliyinin təmin edilməsi, o cümlədən korporativ informasiya məkanında potensial təhdidlərə qarşı qabaqlayıcı tədbirlər öz əksini tapıb. Bununla yanaşı təlimatda dövlət qurumlarında informasiya təhlükəsizliyinin təşkili və təmini qaydaları, habelə struktur bölmələr və əməkdaşlar üçün informasiya təhlükəsizliyi sahəsində məcburi tələblər müəyyənləşdirilib. Bundan başqa, Naxçıvan Muxtar Respublikası Nazirlər Kabinetinin 2022-ci il 6 aprel tarixli 93 nömrəli Qərarı əsasında Naxçıvan Muxtar Respublikası Mərkəzi Seçki Komissiyası “Naxçıvan Muxtar Respublikası Mərkəzi Seçki Komissiyasında informasiya təhlükəsizliyinin təminatı üzrə” Təlimatı hazrılayıb təsdiq etmişdir.

....Təlimatla bağlı tədbir iştirakçılarına məlumat verən MSK sədri qeyd etdi ki, tələblərdə  təhkim olunan rabitə vasitələrindən, informasiya daşıyıcılarından, kompüterdən, daxili şəbəkə və internetdən xidməti zərurətdən kənar məqsədlər üçün istifadə etmək, şəxsi məlumatları təhkim olunan kompüterə köçürmək, şəxsi istifadədə olan rabitə xətlərini icazəsiz başqa qurğulara birləşdirmək, habelə qanunazidd və zərərli proqram təminatlarından, razılaşdırılmamış VPN xidmətlərindən istifadə yolverilməz hesab olunur.

....Daha sonra Mərkəzi Seçki Komissiyasının əməkdaşları Elnur Əliyev və Ramil Sadiqov tərəfindən slayd vasitəsilə Nümunəvi Təlimat barəsində ətraflı məlumat verilib.

....Diqqətə çatdırılıb ki, Nümunəvi Təlimatda nəzərdə tutulmuş informasiya təhlükəsizliyinin təminatı barədə tələblərin pozulmasına yol vermiş hər bir əməkdaş qanunvericiliklə müəyyən edilmiş qaydada məsuliyyət daşıyır.

....Seminarın sonunda tədbir iştirakçılarını  maraqlandıran suallar cavablandırılıb.

news
Naxçıvan Muxtar Respublikası Mərkəzi Seçki Komissiyasının yeni veb saytı təqdim edilib

   Martın 3-də Naxçıvan Muxtar Respublikası Mərkəzi Seçki Komissiyasının akt zalında komissiyanın yeni veb-saytının təqdimat mərasimi keçirilib. Bu münasibətlə keçirilən tədbiri  giriş sözü ilə açan Mərkəzi Seçki Komissiyasının sədri Əjdər Əliyev Naxçıvan Muxtar Respublikasında aparılan  çoxşaxəli dinamik inkişaf haqqında çıxış edərək bildirib ki, muxtar respublikada  infrastrukturun yenilənməsi, müasir müəssisələrin, yeni iş yerlərinin yaradılması istiqamətində sistemli tədbirlərin həyata keçirilməsi uzunmüddətli və hərtərəfli inkişaf konsepsiyasının reallaşdırılmasına əsaslı töhfələr verib. Bu gün çoxşaxəli iqtisadiyyatın formalaşdırılması istiqamətində məqsədyönlü islahatların aparılması, mühüm əhəmiyyətə malik dövlət proqramlarının reallaşdırılması nəticəsində muxtar respublika sosial-iqtisadi inkişaf baxımından ölkəmizdə liderliyini qorumaqdadır. Daha sonra “Naxçıvan Muxtar Respublikasında dövlət orqanlarının elektron xidmətlər göstərməsinin təşkili haqqında” Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin 15 iyul, 2011-ci il tarixli Fərmanı ilə bağlı tədbir iştirakçılarına məlumat verən MSK sədri vurğulayıb ki, bütün bu inkişaf informasiya- kommunikasiya texnologiyaları sahəsində də özünü göstərir. İKT sahəsində əldə olunmuş nailiyyətlər muxtar respublikada dövlət orqanları tərəfindən əhaliyə göstərilən elektron xidmətlərin keyfiyyətinin yüksəldilməsinə şərait yaratmışdır.

    Naxçıvan Muxtar Respublikasının Rabitə və Yeni Texnologiyalar Nazirliyi tərəfindən hazırlanmış www.msk.nakhchivan.az domen adı ilə fəaliyyət göstərəcək  yeni internet saytı öz funksionallığı, sürətli keçidlər, sosial şəbəkələrə inteqrasiyası, daha rahat istifadə imkanları ilə seçilir. Bundan başqa, müvafiq bölmələrdə zəruri informasiyalar verilməklə, daha təfərrüatlı informasiya alınması üçün keçidlər yerləşdirilib. Eyni zamanda müasir dövrün tələblərinə uyğun olaraq sosial şəbəkələrə də keçidlər verilib.

   “Faydalı linklər” bölməsində "Seçkilər" İnformasiya Mərkəzinin internet səhifəsinə keçid verilmişdir. Bu səhifədə seçki məntəqələri, onların ünvanları, seçki dairələri və seçki məntəqələri üzrə seçicilərin siyahısı ilə bağlı bütün məlumatlar verilibdir. Seçicilərin işini asanlaşdırmaq üçün hətta seçki məntəqələrinə gedən nəqliyyat vasitələri və marşrutlar da göstərilib. Bu sayt vasitəsi ilə seçkilər zamanı muxtar respublikanın seçiciləri seçki məntəqələrinə getmədən  də öz adlarını, seçki məntəqələrini və ünvanlarını  asanlıqla tapa bilərlər.

    Sonra tədbir iştirakçılarını saytla tanış edən Mərkəzi Seçki Komissiyasının şöbə müdiri Əli Qədimov seçkilərin hazırlanıb keçirilməsi və həmçinin Mərkəzi Seçki Komissiyasının cari fəaliyyətinin işıqlandırılması üçün zəruri bölmələrlə təmin olunan MSK-nın yeni internet səhifəsi haqqında ətraflı danışaraq bildirib ki, MSK saytının ana səhifəsində Mərkəzi Seçki Komissiyasının fəaliyyəti ilə əlaqədar əsas xəbərlər, həmçinin sayt istifadəçilərinin səmərəli istifadəsi üçün nəzərdə tutulan qısa keçidlər, o cümlədən ölkənin və muxtar respublikamızın təbliği üçün nəzərdə tutulmuş faydalı linklər yer almışdır.

    Müasir dövrdə insanların əsas informasiyaları sosial şəbəkələrdən əldə etdiklərini nəzərə alaraq Mərkəzi Seçki Komissiyasının instaqram və facebook səhifələri də istifadəyə verilmiş, həmin səhifələrdə MSK-nın fəaliyyəti ilə əlaqədar  ən son xəbərlər operativ şəkildə yerləşdirilir. Mərkəzi Seçki Komissiyasının internet saytının yuxarı sağ küncündə qeyd olunan sosial şəbəkələrə keçidlər verilmişdir. Ana menyu “MSK”, “Mətbuat xidməti”, “Seçkilər”, “Hüquqi aktlar” və “Əlaqə” bölmələrindən ibarətdir. “MSK” bölməsində Mərkəzi Seçki Komissiyasının fəaliyyəti və səlahiyyətləri, MSK Aparatının strukturu və struktur bölmələrin vəzifələri göstərilmiş, həmçinin MSK-nın tarixi haqqında ətraflı məlumat verilmişdir. Həmin bölmədə MSK-nın hal-hazırda fəaliyyətdə olan üzvləri və onların seçilməsi haqqında qərarlar da yer almışdır. “Mətbuat xidməti” bölməsində mütəmadi olaraq yenilənən xəbərlər, foto və videoqalereya, həmçinin hesabatlar daxil edilmişdir. Seçkilər bölməsində 2005-2020-ci illərdə Naxçıvan Muxtar Respublikasının Ali Məclisinə keçirilmiş növbəti, növbədənkənar və əlavə seçkilərlə əlaqədar ətraflı məlumatlar yer almışdır. “Hüquqi aktlar” bölməsində isə Azərbaycan Respublikasının və Naxçıvan Muxtar Respublikasının müvafiq qanunvericiliyi, həmçinin Naxçıvan Muxtar Respublikası Mərkəzi Seçki Komissiyasının normativ xarakterli aktları yerləşdirilmişdir. Belə ki, həmin bölmədə Azərbaycan Respublikasının və Naxçıvan Muxtar Respublikasının Konstitusiyaları, Azərbaycan Respublikasının Seçki Məcəlləsi, “Naxçıvan Muxtar Respublikası Ali Məclisinə seçkilər haqqında” Naxçıvan Muxtar Respublikasının Qanunu, o cümlədən Mərkəzi Seçki Komissiyasının qəbul etdiyi əsasnamələr, reqlametlər, təlimatlar, izahlar, qaydalar və s. yer almışdır. “Əlaqə” bölməsi elektron müraciətlər və əlaqə vasitələrindən ibarətdir. Bu bölmə vətəndaşların Mərkəzi Seçki Komissiyasına operativ müraciətlərini təmin etmək məqsədilə hazırlanmışdır. Belə ki, MSK saytının elektron müraciətlər bölməsindən Mərkəzi Seçki Komissiyasına birbaşa müraciət yazmaq və ya əlaqə vasitələrindən istifadə etməklə Mərkəzi Seçki Komissiyası ilə birbaşa əlaqə saxlamaq mümkündür.

    Bundan əlavə, Naxçıvan Muxtar Respublikası Mərkəzi Seçki Komissiyasının internet səhifəsi domenə bağlı e-poçt adresləri ilə təmin olunub. Saytın optimizasiyası (SEO-Search Engine Optimization), axtarış sistemlərinə uyğunlaşdırılması, SSL (təhlükəsizlik) sertifikatı ilə təmin olunması, Google axtarış sistemində qeydiyyatdan keçirilməsi və axtarış sistemlərində ön sıralarda tapılması üçün mütəxəssislər tərəfindən zəruri texniki tədbirlər həyata keçirilib, eləcə də  Naxçıvan Muxtar Respublikası Rabitə və Yeni Texnologiyalar Nazirliyinin mütəxəssisləri tərəfindən Komissiyanın aidiyyəti əməkdaşına idarəetmə panelinin istifadəsi ilə əlaqədar olaraq müvafiq təlim keçirilib. Dizayn, quruluş və məzmun baxımından zəruri tələblərə cavab verən yeni internet saytı Komissiyanın fəaliyyətinin ayrı-ayrı istiqamətlərinin, bu sahədə olan yeniliklərin, həyata keçirilən tədbirlərin daha dolğun və operativ şəkildə ictimaiyyətə çatdırılmasını təmin edəcəkdir. Sayt iki dildə azərbaycan və ingilis dillərində fəaliyyət göstərir.

    Təqdimat mərasimində MSK-nın işçiləri, mətbuat nümayəndələri, muxtar respublikada fəaliyyət göstərən Dairə Seçki Komissiyalarının sədr və katibləri də  iştirak ediblər.

news
Mərkəzi Seçki Komissiyasının kollektivi Yusif Küseyir oğlu türbəsində olub

   Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin 2014-cü il 19 dekabr tarixli "Muzeylərlə əlaqələrin daha da gücləndirilməsi haqqında” Sərəncamına uyğun olaraq Naxçıvan Muxtar Respublikası Mərkəzi Seçki Komissiyasının əməkdaşları mütəmadi olaraq muxtar respublikamızda fəaliyyət göstərən muzeyləri ziyarət edir, mədəniyyət müəsisələrində mühafizə olunan eksponatlarla yaxından tanış olurlar.

   Müxtəlif muzeylərə ekskursiyalarını davam etdirən MSK əməkdaşları fevralın 19-da Naxçıvan şəhərində yerləşən Yusif Küseyir oğlu türbəsini ziyarət ediblər. Muzeyin bələdçisi məlumat verərək bildirib ki, Yusif Küseyir oğlu türbəsi Naxçıvan memarlıq məktəbinin banisi Əcəmi Əbubəkr oğlu Naxçıvani tərəfindən 1162-ci ildə Naxçıvan şəhərinin cənub-şərq tərəfində inşa edilib. El arasında “Atababa günbəzi” kimi də tanınan abidə yeraltı sərdabədən və yerüstü türbədən ibarətdir. Daxildən və xaricdən səkkizguşəli formada ucaldılan türbə piramida şəkilli günbəzlə örtülüb. Yusif Küseyir oğlu türbəsi Azərbaycanın qülləvari türbələri içərisində yeganə abidədir ki, üst piramida örtüyü zəmanəmizədək tamamilə salamat vəziyyətdə gəlib çatıb.

   Son illər muxtar respublikada tarixi abidələrin qorunması, tədqiqi, bərpası və tanıdılması istiqamətində kompleks tədbirlər həyata keçirilib. Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri Vasif Talıbovun tapşırığına əsasən Naxçıvan şəhərindəki Yusif Küseyir oğlu türbəsi də 2020-ci ildə bərpa olunub.

   Bildirilib ki, türbənin bütün səkkiz səthi müxtəlif şəkilli həndəsi ornamentlə bəzənib. Bu ornamentlər kiçik kərpiclərdən quraşdırılıb, sonra gəc məhlulu ilə tavalar şəklində bərkidilərək səthlərin üzərində möhkəmləndirilib. Quruluşu etibarilə türbənin yalnız bir səthi, qərb tərəfə baxan səthi, başqa şəkildə həll edilib. Burada türbənin giriş qapısı yerləşdirilib. Çatmatağ şəkilli bu qapı üzərində haşiyələr formasında verilmiş həmin hissə çıxıntılar vasitəsilə bir portal şəklini alıb. Türbənin rəis, xoca Yusif Küseyir oğlu üçün hicri 557-ci ildə, yəni miladi 1162-ci ildə tikildiyini göstərən kitabə bu səthin yuxarı hissəsində yerləşdirilib. Bununla yanaşı, türbənin səthlərindən yuxarı hissə qurşaq şəklində ayrılıb və burada da kitabə yerləşdirilib. Kufi xətlə işlənmiş bu kitabənin giriş qapısından sol tərəfdəki hissəsində memarın adı yazılıb: “Naxçıvanlı memar Əcəmi Əbubəkr oğlu”. Yusif Küseyir oğlunun türbəsi həcmi etibarilə bir o qədər böyük tikinti olmasa da, memarlıq bəzəyi sadə olsa da, öz ümumi kompozisiyasının aydınlığı, hissələrinin mütənasibliyi etibarilə və eləcə də inşaat işlərinin diqqətlə aparılması cəhətdən gözəl bir memarlıq abidəsidir.

   Diqqətə çatdırılıb ki, Yusif Küseyir oğlu məqbərəsinin bəzəklərində şirli kərpiclərdən istifadə olunmayıb. Bu abidədə yazılar müxtəlif ölçülü kərpiclərin hörgüyə düzülüşü nəticəsində əldə edilib. Frizlər və haşiyələrdəki kitabələrin fonunda şaquli “ləm”, “əlif”, “kəf” hərflərinin arasındakı sahələr həndəsi naxışlarla zənginləşdirilib və müqəddəs “Qurani-Kərim”dən bir neçə ayələr də burada öz əksini tapıb. Səkkizguşəli məqbərənin bütün tərəfləri kufi xətli yazılarla haşiyələnib. Kitabələrin mətni Quran ayələridir. Sözügedən abidə səkkiz yüz illik yaşını tamamlamasına baxmayaraq, göstərilən diqqət sayəsində hələ də Naxçıvanın mərkəzində öz əzəməti ilə turistlərin və qonaqların marağına səbəb olur.

news
Kəngərli rayonunda xidmət edən əsgərlərimizə sovqat paylanılıb

....Dekabrın 30-da  Naxçıvan Muxtar Respublikası Mərkəzi Seçki Komissiyasının, Azərbaycan Respublikası Hesablama Palatasının Naxçıvan Muxtar Respublikası üzrə İdarəsinin, “Aqrarkredit” Səhmdar Kredit Təşkilatının Naxçıvan filialı və Kəngərli rayon Əhalinin Sosial Müdafiəsi Mərkəzinin birgə iştirakı ilə 31 Dekabr – Dünya Azərbaycanlılarının Həmrəylik Günü münasibəti ilə  Kəngərli rayon ərazisində yerləşən “N” saylı hərbi hissənin vətən qarşısındakı müqəddəs xidməti borcunu yerinə yetirən zabit və əsgərləri ilə görüş keçirilmiş, onlara ərzaq məhsulları və gündəlik təlabat malları təqdim edilmişdir.

....Vətən Müharibəsində qazanılan qələbə və qarşıdan gələn 31 Dekabr – Dünya Azərbaycanlılarının Həmrəylik Günü münasibəti ilə  hərbi hissənin kollektivini  səmimi qəlbdən təbrik edən  Naxçıvan Muxtar Respublikası Mərkəzi Seçki Komissiyasının sədri Əjdər Əliyev orduya göstərilən dövlət qayğısından danışaraq bildirmişdir ki, hər bir dövlətin güvənc yeri, arxalandığı, ilk növbədə, onun güclü və qüdrətli  ordusudur. Bu səbəbdəndir ki,  Cənubi Qafqazda ən güclü ordu olan Azərbaycan ordusu hərtərəfli qayğı ilə əhatə edilib. Bu qayğının təməli isə ulu öndərimiz Heydər Əliyev tərəfindən  qoyulub.  Dahi öndərin ordu quruculuğu siyasətinin uğurla davam etdirilməsinin  nəticəsidir ki, ordumuz gündən-günə güclənir və hərbi qüvvətini artırır. Muxtar respublikamızın ərazisindəki  hərbi hissələrin timsalında bunu bütün aydınlığı ilə  görmək mümkündür. Naxçıvan Muxtar Respublikası  Ali Məclis sədrinin tez-tez hərbi hissələrdə olması, zabit və əsgərlərlə görüşməsi onlarda ruh yüksəkliyi yaradır, hərbiçilərin döyüş əzmini yüksəldir.

....Tədbirdə Azərbaycan Respublikası Hesablama Palatasının Naxçıvan Muxtar Respublikası üzrə İdarəsinin rəisi Hafiz İsmayılbəyli və “Aqrarkredit” Səhmdar Kredit Təşkilatının Naxçıvan filialının müdiri Elçin Əliyev çıxış edərək hərbi qulluqçuları qarşıdan gələn 31 Dekabr – Dünya Azərbaycanlılarının Həmrəylik Günü münasibətilə təbrik etmişlər. Çıxışlarda həmçinin ordumuzun bu gün qüdrətli, lazımi müasir silah və texnika ilə tam təmin olunduğu və həmrəylik gününün xalq-ordu birliyinin əsaslarından biri olduğu vurğulanıb.

....Sonra ərzaq məhsulları və gündəlik təlabat malları hərbiçilərə təqdim olunmuşdur. Çıxış edən əsgərlər  də göstərilən diqqət və qayğıya görə hərbi hissənin şəxsi heyəti adından minnətdarlıqlarını bildiriblər.  

news
Könüllü qanvermə aksiyası keçirilib

....Dekabrın 29-da Naxçıvan Muxtar Respublikası Mərkəzi Seçki Komissiyasının və Naxçıvan Muxtar Respublikası Səhiyyə Nazirliyinin birgə təşkilatçılığı ilə “31 dekabr - Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü” münasibətilə könüllü qanvermə aksiyası keçirilib. Aksiyanın keçirilməsində məqsəd irsi qan xəstəliklərindən, xüsusilə talassemiyadan əziyyət çəkən insanlara kömək və koronavirus pandemiyası zamanı ehtiyat qan bankının zənginləşdirilməsindən ibarətdir. Aksiyada Mərkəzi Seçki Komissiyasının və Naxçıvan Muxtar Respublikasında fəaliyyət göstərən dairə seçki komissiyalarının əməkdaşları iştirak ediblər. Naxçıvan Muxtar Respublika Xəstəxanasında baş tutan bu aksiyada əvvəlcə donorlardan koronavirus, arterial təzyiq, hepatit, QİÇS və digər yoluxucu xəstəliklərin müəyyən edilməsi üçün qan analizləri götürülərək testdən keçirilib.

....Naxçıvan Muxtar Respublika Xəstəxanası publik hüquqi şəxsin baş həkiminin müavini İsmayılov Türkan bildirib ki, müxtəlif travma və yaralanmalar, mürəkkəb cərrahi əməliyyatlar və doğuşlar zamanı qanitirmələrdə, xroniki qanazlığında, qanın irsi və qazanılmış xəstəliklərində, onkoloji xəstəliklərdə, daxili orqanların-ürək, böyrək, mədə-bağırsaq, qaraciyər və digər müxtəlif xəstəliklərində qandan və ya qandan hazırlanmış preparatlardan geniş istifadə olunur.

....Qanvermə aksiyasında iştirak edən könüllü donor – Mərkəzi Seçki Komissiyasının şöbə müdiri Əli Qədimov bildirib ki, həyatda hansısa xəstəlik və ya bədbəxt hadisə nəticəsində qana ehtiyac yarana bilər. Bu halda kiminsə həyatını xilas etməyə kömək göstərmək ən vacib və gərəkli əməllərdən biridir.

....Aksiyada 20 nəfər iştirak edib, 10 litr qan toplanaraq Naxçıvan Muxtar Respublika Xəstəxanasının Qan bankına təhvil verilib. Mövcud vəziyyətlə əlaqədar aksiya sosial izolyasiya qaydalarına uyğun və  zəruri təhlükəsizlik tədbirlərinə riayət olunmaqla keçirilib.

news
Naxçıvan Muxtar Respublikası Mərkəzi Seçki Komissiyasının kollektivi Heydər Əliyev Muzeyini ziyarət etmişdir.

....Naxçıvan Muxtar Respublikası Mərkəzi Seçki Komissiyasının kollektivi 27 noyabr 2021-ci il tarixdə Heydər Əliyev Muzeyini ziyarət etmişdir. Məlumat verilib ki, muzey Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin 1999-cu il fevralın 18-də imzaladığı Sərəncam əsasında yaradılıb və 1999-cu il mayın 10-da fəaliyyətə başlayıb. 420 eksponatla fəaliyyətə başlayan Heydər Əliyev Muzeyində hazırda 4746 eksponat toplanıb. Muzeydə ümummilli lider Heydər Əliyevin uşaqlıq və gənclik illərinə həsr olunmuş stendlər, onun Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri işlədiyi dövrə aid (1991-1993) şəxsi sənəd və materiallar, imzaladığı sərəncamlar, qərarlar və digər sənədlərin surətləri, həmin illərdə Azərbaycan Respublikasının müxtəlif bölgələrində yaşayan vətəndaşların müraciətləri toplanıb. Muzeyin kitabxanasında ulu öndər Heydər Əliyevin həyat və fəaliyyətini əks etdirən jurnal, albom və kitablar saxlanılır.